“Davranış pozğunluqları və onların aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma istiqamətində “Pedaqogika və psixologiya” kafedrasının təşkilatçılığı ilə “Davranış pozğunluqları və onların aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada kafedranın professor-müəllim heyəti və muxtar respublika ümumtəhsil məktəblərinin 30 nəfər psixoloqu iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikada məktəb psixoloqu sahəsində ixtisaslı kadr hazırlayan yeganə ali təhsil müəssisəsidir. Bu sahədə institutda olduqca təcrübəli kadr potensialı formalaşmışdır. Mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində məktəb psixoloqlarının bilik və təcrübələrinin təkmilləşdirilməsi istiqamətində müxtəlif mövzularda dəyirmi masalar, ixtisasartırma kursları, seminarlar və elmi-praktik konfranslar keçirilmişdir. “Davranış pozğunluqları və onların aradan qaldırılması” mövzusunda dəyirmi masanın keçirilməsinin əsas məqsədi də ümumtəhsil məktəbləri psixoloqlarına təcrübə mübadiləsi əsasında davranış pozulmaları haqqında məlumat vermək və onların aradan qaldırılması yollarının səmərəli metodiki üsullarını müəyyənləşdirməklə biliklərini təkmilləşdirməkdir.
Tədbirdə Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin, kafedranın müəllimləri, defektoloq-loqoped Almaz Məmmədovanın və psixoloq Aynurə Nurinin mövzu ətrafında fikirləri dinlənilib, məktəb psixoloqları ilə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti