“İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” adlı dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan Müəllimlər İnstitutunun “Riyaziyyat və tədrisi metodikası” kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Nazilə Muradovanın “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, 2020-ci ildə İbtidai sinif müəllimliyi ixtisasının təhsil proqramında riyaziyyat fənninin tədrisinə verilən tələblərin dəyişməsi, müasir dərsin məzmununun təkmilləşdirilməsi və yeni təlim texnologiyalarının tətbiqi sahəsində aparılan məqsədyönlü islahatlar “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” adlı dərs vəsaitinin hazırlanması zərurətini yaratmışdı. Nazilə Muradovanın ərsəyə gətirdiyi dərs vəsaiti və proqramı bu sahədə yaranmış boşluğun aradan qaldırılması və fənnin tədrisində istiqamətləndirici bir vəasit kimi olduqca əhəmiyyətlidir. “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” fənni ibtidai sinif müəllimliyi ixtisasında tədris olunan əsas fənlərdən biri olub müəllimlərin riyazi-metodik hazırlığını təmin edir. Müəlllim hazırlığı bir sıra amillərlə yanaşı, keçirilən fənnin həm nəzəri, həm də metodiki baxımdan müasir tələblərə cavab verən dərs və metodiki vəsaitlərlə təmin edilməsindən asılıdır və müasir dövrdə riyazi təhsilin məzmunu ilə bağlı məsələlərə yenidən baxılması zərurətdir. Rektor vurğulayıb ki, mövzuların daha dərindən, ətraflı mənimsənilməsinə imkan verən bu yeni dərs vəsaiti institutun tələbələri üçün olduqca faydalı və əhəmiyyətli olacaqdır.
Sonra dərs vəsaiti ilə yaxından tanış olan institutun professor müəllim heyəti çıxış edib, öz fikirlərini bildirib. Çıxışlar zamanı diqqətə çatdırılıb ki, gələcək ibtidai sinif müəllimlərinin riyaziyyat fənnindən elmi-metodiki hazırlığının yüksəldilməsinə xidmət edən bu dərs vəsaitinə “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” fənni proqramındakı “Ədədlər və əməllər” məzmun xətti üzrə nəzərdə tutulmuş mövzular, bu mövzulara dair məsələ və misallar sistemli şəkildə daxil edilmişdir.
Sonda dərs vəsaitinin müəllifi Nazilə Muradova çıxış edərək təqdimatda iştirak edənlərə minnətdarlığını bildirib və qeyd edib ki, vəsaitdən pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası tələbələri ilə yanaşı, magistrlər, ümümtəhsil məktəblərinin ibtidai sinif və riyaziyyat müəllimləri həmçinin həmin ixtisaslar üzrə ixtisasartırma və yenidən hazırlanma kurslarının dinləyiciləri də istifadə edə bilərlər.
Aygül MəmmədovaNaxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti