“İbtidai sinif müəllimlərinin riyazi təlimlə bağlı bəzi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.

0
Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün “İbtidai sinif müəllimlərinin riyazi təlimlə bağlı bəzi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən asılıdır. Təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil pillələrində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq qarşıda duran mühüm vəzifələrdəndir.
Prorektor vurğulayıb ki, riyaziyyatı bilmək – riyazi anlayışlara və prosedurlara yiyələnmək, real problemlərin həlli zamanı onlardan yerində istifadə edə bilmək, eləcə də kommunikasiya texnologiyalarında riyazi dildən və vasitələrdən istifadə etməklə informasiyanı almaq və vermək, zəruri olan imkanlara yiyələnmək üçün riyaziyyat fənnindən tədris aparan müəllimlərin üzərinə böyük vəzifə düşür. Professional fəaliyyəti üçün professional bacarıqlara da yiyələnməsi vacibdir. Həbibə Allahverdiyeva həmçinin tədbir iştirakçılarına metodiki köməklik məqsədilə 2021-ci ildən fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma üzrə elektron platformadan istifadə edərək pedaqoji bacarıqlarını artıra biləcəklərini bildirib.
İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, elmlər doktoru, professor Yaqub Məmmədov çıxış edərək qeyd edib ki, riyaziyyat elmi dəqiqlik, konkretlik, məntiqi mühakimə tələb edir, şagirdlərin təfəkkürünün müşahidə qabiliyyətlərinin inkişafına köməklik göstərir, onların fikri yığcam, konkret, dəqiq, aydın ifadə etmə qabiliyyətlərini artırır və məntiqi təfəkkürlərinin inkişafı üçün möhkəm zəmin yaradır. Bu fənnin tədrisi zamanı əsas nəzər-diqqətin həm praktiki və həm də elmi xarakterli problemlərin həllinə istiqamətləndirilməsi şagirdlərin motivasiyasını gücləndirərək, onlarda riyaziyyata böyük maraq oyadır.
İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının dosentləri Südabə Məmmədova “Müasir ibtidai sinif müəlliminin riyaziyyat təlimi zamanı qarşılaşdığı çətinliklər” və Nazilə Muradova “İbtidai siniflərin riyaziyyat kursunda həndəsi məzmunlu məsələlərin həllində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları” mövzularında çıxış edərək müəllimlərin təlim zamanı qarşılaşdıqları problemlər və onların həlli yollarından danışıb, şagirdlərlə səmərəli işin təşkili istiqamətində konfrans iştirakçılarına faydalı məsləhətlər veriblər. Vurğulanıb ki, ibtidai siniflərdə riyaziyyat fənni şagirdlərə başa düşdükləri şəkildə, elmi cəhətdən qüsursuz təqdim edilməli, riyazi məsələlərin həllində şagirdlər müstəqilliyə sövq edilməlidir.
Konfransda mövzu ilə bağlı maraqlı müzakirələr keçirilib, 10 nömrəli tam orta məktəbin müəllimi Leyla Əliyeva, 7 nömrəli tam orta məktəbin müəllimləri Könül Abbasova və Şəfa Haqverdiyeva müzakirədə fəal iştirak edib, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir