“Müasir dövrdə məktəbəqədər təhsilin təşkili xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib

0
Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iştirakı ilə məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün “Müasir dövrdə məktəbəqədər təhsilin təşkili xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda məktəbəqər təhsil müəssisələrinin 60 nəfərdən artıq tərbiyəçi-müəllimi, institutun “Məktəbəqədər təhsil” ixtisasında təhsil alan bir qrup tələbəsi və institutun “Pedaqogika və psixologiya kafedrasının əməkdaşları iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizdə və o cümlədən muxtar respublikada aparılan uğurlu təhsil islahatlarından, təhsilə göstərilən hərtərəfli dövlət qayğısından danışıb və qeyd edib ki, aparılan islahat proqramları ölkəmizin inkişafının yeni dövründə təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının, keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir. Aparılan təhsil islahatlarının əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsi durur. Bu da tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Sonra rektor vurğulayıb ki, Naxçıvan Müəllimlər İnstitutu müstəqilliyimizi yenidən əldə etdikdən sonra yaradılmış yeni tipli ali təhsil ocaqlarından biridir. Yarandığı ilk gündən dövlət qayğısı ilə əhatə olunmuş institutda bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikada diplomdan sonrakı təhsilin istiqamətləri üzrə məqsədyönlü işlər aparılır. İxtisasartırma və təkmilləşdirmə kurslarının təşkili, ümumtəhsil məktəb müəllimləri ilə seminar, dəyirmi masa, disput, kitab müzakirəsi, qabaqcıl təcrübənin yayılması və s. kimi tədbirlər həyata keçirilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli sərəncamına uyğun olaraq müəllimlik ixtisaslarının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilməsi haqqında sərəncamına əsasən müəllim kadrların hazırlanmasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə sıx əlaqələr yaradılıb, müəllim kadrların ilkin və diplomdan sonrakı təhsilində yüksək keyfiyyətli nəticələr əldə olunub.
Azad Novruzov qeyd edib ki, müəllimlərin peşə və ixtisas hazırlığının təkmilləşdirilməsi, onların özlərinin yeniliyə maraq göstərməsi, daim öz peşə və ixtisas bilik, bacarıq və vərdişlərini artırması, özünütəhsil, özünütərbiyə və pedaqoji yaradıcılıqla məşğul olması onların peşəkar və səriştəli pedaqoq kimi formalaşmasının əsasında durur. Müəllim ali məktəbdə aldığı biliklərlə, yiyələndiyi metodika ilə kifayətlənməyərək daim öz üzərində işləməklə peşəkarlıq səviyyəsinin qayğısına qalmalıdır. Təbii ki, məktəbəqədər təhsil müəssisəsinin müəllimi uşaqların yaş xüsusiyyətlərini, ayrı-ayrı yaş qrupları üzrə uşaqlara xas olan xüsusiyyətləri, uşaqlarda maraq və meyllərin hansı yaşda necə istiqamətləndiyini, fiziki inkişafın necə getdiyini, onların temperament tiplərini, onların xüsusiyyətləri, təfəkkür və təxəyyülün inkişaf səviyyələri, nitqi və s. haqqında elmi biliklərə yiyələnməlidir. Diplomdan sonrakı təhsil prosesində peşəkar və səriştəli müəllim hazırlığında müəllimlərin pedaqoji və psixoloji hazırlığının artırılması günün vacib tələbidir. Sonra rektor institutda kadr hazırlığı aparılan “Məktəbəqədər təhsil” ixtisasına verilən müasir tələblərdən danışıb, bu ixtisasın “Dövlət tədris standartlarında”kı yeniliklərə toxunub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, muxtar respublikada təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Bu qayğının nəticəsidir ki, hər il muxtar respublikanın müxtəlif bölgələrində yeni məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilir və ya əsaslı təmir işləri aparılır, müəssisələr müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə təchiz olunur, müxtəlif təlim vəsaitləri və dərsliklərlə təmin edilir. Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 22 dekabr tarixli Sərəncamından danışaraq məktəbəqədər təhsil müəssisələrində uşaqlarla aparılan işin keyfiyyətinin yaxşılaşdırılması üçün kadr potensialının düzgün formalaşdırılması, eləcə də tərbiyəçilərin metodik hazırlığının müasir tələblərə cavab verməsinin vacib olduğunu, fəaliyyət göstərən digər texniki heyətin və dayələrin də peşə hazırlığı kurslarına cəlb olunması istiqamətində də zəruri işlər görüldüyünü vurğulayıb. Nazir eyni zamanda məktəbəqədər müəssisələrdə tədrisin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində görülən kompleks tədbirlərdən və keçirilən konfransın bu istiqamətdə əhəmiyyətindən danışıb.
İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva tədbir iştirakçılarına metodiki köməklik məqsədilə 2021-ci ildən fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma üzrə elektron platformadan istifadə qaydaları haqqında praktik nümunələr əsasında məlumat verib. Bildirib ki, bu platforma təcrübə mübadiləsinin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Metodiki dəstək platformasında yalnız ali təhsil müəssisəsinin professor-müəllim heyətinin məqalələri deyil, eyni zamanda ümumtəhsil məktəblərinin təcrübəli müəllimlərinin də məqalələri yer alır. Hər bir tərbiyəçi-müəllim orada yerləşdirilən konfrans, təlim materiallardan istifadə edə və ya öz təcrübəsinə aid məqalələri yerləşdirə bilər. Təşkil olunmuş konfransın mövzusuna diqqət çəkən prorektor qeyd edib ki, cəmiyyətdə uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşmasının əsası məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu baxımdan müasir dövrdə məktəbəqədər təhsil müəssisələrində təhsilin təşkilində müasir tələblər gözlənilməlidir.
Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi, defektoloq, loqoped Almaz Məmmədovanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqların xüsusiyyətləri və aşkarlanması” mövzusunda, kafedranın baş müəllimi Zeynəb Məmmədovanın “Məktəbəqədər yaşlı uşaqlarda həyati bacarıqların formalaşdırılması” mövzusunda və pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Cabbarovanın “Müasir məktəbəqədər təhsil müəssisələrində ailələrlə işin təşkili xüsusiyyətləri” mövzusunda çıxışları dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir