Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin kimya müəllimləri üçün seminar keçirilmişdir
12 mart 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Kimya dərslərində əyani vasitələrdən istifadə qaydaları” mövzusunda seminar keçirilmişdir. Seminarda Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin bir qrup kimya müəllimi iştirak etmişdir. Seminarı giriş sözü ilə açan institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirmişdir ki, bugünkü reallıq gənc nəslin vətənpərvər və hərtərəfli inkişafının hər zaman diqqətdə saxlanılmasını tələb edir. Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında vurğulamışdır ki, “Təhsil müəssisələri gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirməlidir”. Bu işin məqsədyönlü şəkildə həyata keçirilməsi ilkin müəllim hazırlığı ilə yanaşı müəllimlərin daim müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi və ixtisaslarının artırılmasını tələb edir. Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif ixtisaslı kadr hazırlığı ilə yanaşı müəllimlərin diplomdan sonrakı təhsili istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ixtisasartırma kursları, konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunur. Təşkil olunmuş tədbirlər ali və orta təhsil müəssisələrinin müəllimləri arasında yeni təlim texnologiyaları, yeni innovasiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq və qabaqcıl təcrübələri bölüşmək baxımından çox əhəmiyyətlidir. Prorektor qeyd etmişdir ki, ali və ümumtəhsil məktəblərində yaradılmış şəraitdən düzgün istifadə etməklə dərsin keyfiyyət və səmərəliliyinin artırılmasını təmin etmək üçün müəllimin üzərinə ciddi vəzifələr düşür. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi hər bir müəllimin daima öz ixtisasartırma təhsilinin qayğısına qalmasını zəruri edir.
Seminarda “Kimya dərslərində əyani vasitələrin fənnin mənimsənilməsində əhəmiyyəti” mövzusunda çıxış edən institutun Ümumi fənlər kafedrasının dosenti Qızıllı Əliyeva əyani vasitələrdən istifadə yolları, təhlükəsizlik texnikası qaydalarına düzgün əməl olunması, həmin qaydaların şagirdlərə də aşılanması və bəzi dərslərdə əyləncəli təcrübələrdən istifadə olunması yollarına dair məlumat vermiş, əyani vasitələrdən istifadə metodikalarına aid nümunələr təqdim etmişdir.
Sonra institutun kabinə müdiri Səminə Rüstəmova “Kimya dərslərində virtual laboratoriyalardan istifadə qaydaları” mövzusunda çıxış etmiş və qeyd etmişdir ki, orta ümumtəhsil məktəblərinin müasir informatika kommunikasiya texnologiyaları ilə təmin edilməsi kimyanın tədrisində yeni imkanlar yaradır. İKT-nin imkanlarından istifadə etməklə kimya dərslərinin tədrisində virtual laboratoriyadan və virtual alətlərdən istifadə etməklə əyaniliyi təmin etmək mümkündür.
Sonra çıxışlar ətrafında müzakirələr aparılmış və yaranmış suallar cavablandırılmışdır.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti